Maddi-mədəni irsimizi gələcək nəslə sap-sağlam çatdırmaq üçün…
Beləliklə, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bələdiyyələrin maddi-mədəni irsin öyrənilməsi və təbliğində rolunun gücləndirilməsi” layihəsi çərçivəsində ölkəmizin doqquz şəhər bələdiyyəsində görüşlərini başa vurdu.
Uç ay ərzində Cəlilabad, Masallı, Yardımlı, Siyəzən, Şabran,
Xaçmaz, Quba, İsmayllı və Oğuz şəhər bələdiyyələrinin inzibati binalarında kollektiv üzvlərinin
iştirakı ilə keçirilən görüşlərdə maraqlı təklif və tövsiyələr səsləndi.
Hər
biri iki gün olmaqla davam edən səfər çərçivəsində bələdiyyədə keçirilən
görüşlərlə
yanaşı, rayonda fəaliyyətdə olan tarix-diyarşünaslıq
muzeyləri, “Beşbarmaq tarix, mədəniyyət və təbiət qoruğu”, “Çıraqqala-Şabran
tarix və mədəniyyət qoruğu”, qədim məscidlər, habelə Nazirlər Kabinetinin 2 avqust 2001-ci il
tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ərazisində
dövlət mühafizəsində götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət
dərəcələrinə görə bölgüsü"ndə qeydiyyata alınan çoxsaylı abidələr də ziyarət
olunmuşdur.
****
Layihə çərçivəsində apardığımız müşahidələr göstərir ki, iyirmi
beş il əvvəl tərtib edilmiş “siyahının” yenidən işlənməsinə ciddi şəkildə
ehtiyac vardır. Bu gün müşahidələr göstərir ki, qeydiyyatda olan abidələrin bir
qısmi sıradan çıxmış, bəziləri qəzalı vəziyyətə düşmüş, bir çoxlarının yerini
belə müəyyən etmək mümkün olmamışdır.
Bununla bağlı Mədəniyyət nazirliyi 25 il əvvəl tərtib
edilmiş “siyahının” təkmilləşdirilməsi üçün fəaliyyətini təxirəsalmadan davam
etdirməlidir. İlk olaraq monitorinqlərə start verilməsi daha düzgün addım
olardı.
Müşahidələrimizdən belə qənaətə gələ bilərik ki, ziyarətində
olduğumuz rayonlarda maddı-mədəni irsimizin qorunma səviyyəsini qənaətbəxş
hesab etmək olmaz. Sual olunur Şabran rayonunda
dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında
63-cü sırada qeydiyyata alınan “qədim Şabran şəhəri”nin qalıqlarının mühafizəsini,
Quba şəhərində olan ölkə əhəmiyyətli abidələr siyahısına düşmüş “Səkinəxanım” məscidinin və onlarca
digər abidələrin bərpa və konservasiyasına, habelə “Beşbarmaq tarix, mədəniyyət və təbiət
qoruğunda” infrastruktur layihələrin icrasına nə vaxt başlanılacaqdır.
Bu gün dünya əhəmiyyətli qədim Şabran şəhərinin arxeoloji
qazıntılar zamanı üzə çıxarılan şəhərin qalıqlarını mühafizə edə bilməsək, onu
gələcək nəslə necə çatdıra biləcəyik. Nəzərə alaq ki, cari ilin aprel ayında
aramsız yağan yağışlar abidəyə ciddi ziyan vurub. Çox da böyük olmayan bir ərazini
əhatə edən qədim şəhərin qalıqlarının üstünün örtülməsini və ərazidə tədqiqatlarını
davam etdirlməsini, o cümlədən ərazinin turzim marşrutuna salınmasını kim təmin
etməlidir? Mədəniyyət nazirliyi bu barədə nə düşünür, maraqlıdır.
*****
Bu arada diqqətimi çəkən bir məqamı oxucularımında diqqətinə
çatdırmaq istərdim.
Belə ki, Siyəzən şəhər bələdiyyəsində keçirilən görüşdən
sonra yayın ən isti qızmar günündə qrafiqə uyğun olaraq “Beşbarmağı” ziyarət
etmək qərarına gəldik.
“Beşbarmağı”n ən yüksək zirvəsində bir Rusiyadan olan xanımı,
iki Qırğızıstan vətəndaşını və bir nəfər Afrikalını görəndə təəcübümü saxlaya bilmədim
və narahat oldum. Ona görə ki, uzaq bir
məsafəni qət edib qoruğa gələnləri bizim hansı forma və məzmunda qarşılamaq
“paketimiz” var. Ümumiyyətlə belə bir təkliflər paketi varmı? Qonaqlara, xüsusəndə xarici ölkələrdən gələnlərə
özümüzü necə təqdim edirik?
Deməliyəm ki, ərazinin yol infrastrukturu sıfır vəziyyətindədir.
Üstəlik, qoruğa çatmamış kortəbii, bəlkə də eybəcər şəkildə qonaqların qarşılarına qaçıb samovar çayı
və kabab təklifi üçün müştəri cəlb etməklə özümüzü aşağılamırıqmı? Bu durumdan
müvafiq orqanların, o cümlədən yerli icra hakimiyyətinin xəbərləri yoxdurmu?
Bununla bağlı hansı qurum təkliflə çıxış edib, bilən varmı. Belə olan halda Mədəniyyət
nazirliyi niyə hərəkətə keçmir. Nəyi gözləyir? Bu cür münasibət sonda həm də
maliyyə itkisi deməkdır, axı. Və yaxud Çıraqqala kompleksində bərpa-konservasiya
işləri nə vaxt başa çatacağı da maraqlıdır. Nəzərə alaq ki, “Çıraqqala” sıra da
4.7 yeri tutmaqla dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınıb.
*****
Qeyd edim ki, rayon mərkəzlərində fəaliyyətdə olan tarix-diyarşünaslıq
muzeylərindəki vəziyyət daha acınacaqlıdır. Ziyarətində olduğum doqquz rayonun
səkkizində muzey formalaşdırlıb. Bununla yanaşı Şabran rayonunda Pirəbədil tarix
muzeyi də fəaliyyətdədir. Siyəzən şəhərində isə muzeyin fəaliyyətə başlaması üçün
müəyyən addımlar atılıb. Lakin proses nədənsə ləng gedir.
Elə məsələlər var ki, onun həlli kollektivdən deyil, məhz
tabe olduqları Mədəniyyət nazirliyinin onlara göstərdiyi qayğıdan asılıdır. Səkkiz
muzeydən yalnız Quba və Masallı
tarix-diyarşünaslıq muzeyləri
özünə məxsus binada fəaliyyət göstərir. Lakin digər altı muzey Cəlilabad,
Yardımlı, Şabran, İsmayıllı, Oğuz və Xaçmaz uyğunlaşdırılmış binalarda fəaliyyət
göstərir. Əlavə edim ki, bu muzeylərin eksponat fondunun qorunması, muzeyə yeni
eksponatların alınmasında yaranan və yaxud yaradılan problemlər çoxsaylı
suallar yaradır. Üstəlik muzey binalarının əmək şəraitinin müasir tələblərə
cavab verməməsi, bəzilərində isə soyuq hava kütləsinin birbaşa binaya daxil
olması, güclü yağışın bir çox hallarda binaya damması kollektivin fəaliyyətinə
ciddi problem yaratması da göz önündədir.
Ancaq müsbət hal ondadır ki, bu rayonların zəngin tarixi muzeylərdə
öz əksini tapıb. Onu da əlavə edim ki, bu gün bu muzeylər orada çalışan fədakar
insanların sayəsində ayaq üstədir. Hər birində olduğum zaman muzey barəsində,
muzeydə sərgilənən eksponatlar barəsində muzey əməkdaşlarının, xüsusən də
Xaçmaz, Şabran, Masallı və İsmayıllı muzeylərinin əməkdaşlarının hazırlıqlı
olması, müzeydə sərgilənən hər bir eksponat barədə məlumatlı olmaları diqqətimdən
qaçmadı.
*****
Beləliklə, maddi-mədəni irsimizin qorunması ilə bağlı
addımlar atılsa da, bunu hələ ki qənaətbəxş saymaq olmaz. Düzdür, bu gun uzun
illər işğal altında olmuş maddi-mədəni irs nümunələrinin bərpa-konservasiya işlərinin
aparılması, hətta həmin ərazilərdə tədqiqat işlərinin aparılması təqdirəlayiqdir.
Lakin ölkəmizin digər ərazilərində bu sahənin qorunması,
mühafizəsi bir qədər diqqətdən kənarda qalması bütün hallarda qəbul edilən
deyil. Onu da nəzərə alaq ki, bu sahəyə xərclənən hər bir maliyyə vəsaiti
qurulacaq düzgün siyasət nəticəsində əvəzini dəfələrlə qaytara bilər.
Yekun olaraq hansı qənətə gələ bilərik. İlk olaraq bu gün mədəniyyət
və turizm sahəsinin bir mərkəzdən idarə
olunması daha məqsəd uyğun ola bilər. Qısa bir müşahidə aparılsa bu sahədəki pərakəndəliyi
hər kəs açıq-aydın görə bilər.
*****
Layihə çərçivəsində bələdiyyələrin bu sahəyə öz töhfələrini
verməyə hazır olduqları qənaətinə gəldik. Yəni, inzibati ərazi daxilində mütəxəsislərdən
ibarət işçi qrupu yaratmaqla, monitorinq aparıb siyahıya düşməyən və özündə
tarixi-memarlıq elementləri daşıyan abidələrin siyahılaşdırlmasını həyata
keçirməyi, bəzi abidələrin ətrafında səliqə-səhman yaradılmasını, o cümlədən bələdiyyə
büdcəsində bu sahənin qorunması və mühafizəsinə müəyyən maliyyə vəsaitinin
ayrılmasını, ən əsası isə muzeylərin eksponat fondunun zənginləşdirilməsinə
töhfə vermək kimi təkliflərin görüşlərdə səsləndirilməsi diqqətimi çəkdi. Sözsüz ki, bu
prosesin icrası nəticə etibari ilə maliyyə vəsaiti tələb edir. Ziyarətində
olduğumuz doqquz şəhər bələdiyyəsinin yeddisi bu istiqamətdə ciddi addımlar
atacaqlarını söylədilər.
*****
Biz inanırıq. İnanırıq ki, qısa bir yazıda qaldırdığımız məsələləri
Mədəniyyət nazirliyi diqqətdən kənarda saxlamayacaqdır:
1)
Bu gün özəl mülkiyyətə verilən və dövlət tərəfindən
mühafizə olunan maddi-mədəni irs nümunələrinin bir çoxunun bərpasının tam mülkiyyətçilərin üzərinə atmaq
olmaz. Bununla bağlı Quba şəhərində özəl mülkiyyətdə olan və bərpa-konservasiya
tələb edən çoxsaylı dövlət qeydiyyatında olan yerli əhəmiyyətli abidələr var.
Bu gün Şəhərin mərkəzində Quba meydanının sağ və sol tərəflərində vaxtı ilə göz oxşayan bu gün isə bərpaya ehtıyacı olan abidələr var.
Eləsi var ki, onun bərpasına bina sahiblərinin imkanı yoxdur. Belə olan bir
vaxtda nazirlik təkliflə çıxış etməli və siyahıda olan abidənin bərpasına öz
töhfəsini verməlidir. Konkret.
2)
Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli
132 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ərazisində
dövlət mühafizəsində götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət
dərəcələrinə görə bölgüsü"nə yenidən işlənilməsi gündəmə gəlməlidir. Çünki
siyahıda olanlar barəsində yuxarıda qeyd etdiyimə əlavə olaraq deməliyik ki, siyahıda
adları səhf düşən, hətta təkrar düşən maddi mədəni irs nümunələrinə rast gəlmək
olur. Bununla yanaşı ziyarətində olduğumuz rayonlarda dövlət qeydiyyatına düşməyən
çoxsaylı maddi-mədəni irs nümunələri var. Onlarında yenilənmiş siyahıya salınmasının
vaxtı çatıb.
3)
İnanırıq ki, Mədəniyyət nazirliyi maddi-mədəni
irsimizin qorunması, xüsusəndə tarix müzeyləri ilə bağlı siyasətinə yenidən
baxacaq, bu qurumlarda çalışanların fəaliyyətləri üçün lazimi şəraitin
yaradılmasına çalışmaqla, zəngin tarixə sahib olan Azərbaycanın maddi-mədəni
irsini gələcək nəslə sap-sağlam çatdıracaq və prosesin icrasında bələdiyyələrində
öz töhfəsinin verməsinə lazımı şərait yaradacaqdır.
Vüqar Tofiqli (Cəfərov)
“Bələdiyyələrin fəaliyyıətinin təbliği” İctimai birliyin sədri
Rəylər
0 Rəy